Səhifə başlığı
Səhifə başlığı (header) – mətinlərin emalı və çap sistemlərində: səhifənin yuxarısında çap edilən bir və ya bir neçə sətirdir. Yuxarı kolontitul yalnız birinci səhifədə, yaxud bütün səhifələrdə çap edilə bilər, cüt və tək səhifələrdə müxtəlif ola bilər, mərkəzə, sol qırağa və sağ qırağa görə düzləndirilə bilər. Yuxarı kolontitul, adətən, səhifənin nömrəsindən və eləcə də tarixdən, müəllifin adından və ya sənədin titul başlığından ibarət olur.
Başlıq – sənədi tanıdan və onun qalan tərkibindən öndə gələn müəyyən informasiya elementidir. Başlığın özəlliyi onun istifadə olunduğu kontekstlə müəyyənləşir, məsələn:
rabitə sistemlərində başlıq, verilənlər paketindən öndə gələn və idarəedici simvollardan, məsələn, göndərən və alan stansiyanın identifikasiyalarından ibarət olan baytlar qrupudur;
verilənlər bazasında başlıq, sahələri və verilənlər yazılarında olan informasiyaların tiplərini müəyyənləşdirən yazıdır;
verilənlərin saxlanması sistemlərində faylın başlığı verilənlər faylının "kimliyini" müəyyənləşdirir; o, faylın adından, ölçüsündən, yaradılma və ya dəyişdirilmə tarixindən və vaxtından ibarət olur; başlıq verilmiş faylı yaradan proqramın da "kimliyini" müəyyənləşdirə bilər;
proqramlaşdırmada başlıq (header və ya heading), ondan dərhal sonra gələn proqramı, funksiyanı və proseduru tanıdan sətirdir;
çalışdırılabilən proqramlarda başlıq, proqramın ölçüsünü, yerləşmə yerini və onun haqqında başqa məlumatları özündə saxlayan verilənlər blokudur;
qurğuların idarəedilməsi vasitələrində qurğunun başlığı, bu qurğunun idarəolunması proqramının (qurğunun drayverinin) başlanğıcında həmin qurgu haqqında təsviri xarakterli informasiya blokudur.
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.